Kitab və mədəniyyət | Abuzər Xələfov

Dünyanın böyük mütəfəkkirləri, elm və mədəniyyət xadimləri bəşər mədəniyyətinin inkişafında kitabın əhəmiyyətini olduqca yüksək qiymətləndirmiş, kitabın şəninə bilik mənbəyi, cəmiyyətin inkişafının tərəqqisinin əsas vasitəsi kimi fikirlər söyləmişlər.
Bəşər mədəniyyətinin inkişafının əsas vasitəsi olan kitab, cəmiyyətin yaranmasının erkən dövrlərində meydana gəlmiş, zəmanəmizə qədər cəmiyyətlə birgə addımlamış, formalaşmış, bəşəriyyətin yaddaşına çevrilmişdir. Məhz cəmiyyət maddiləşmiş bu yaddaş (kitab) vasitəsi ilə bəşəriyyətin yaratmış olduğu bilikləri nəsildən-nəsilə ötürməyə nail olmuşdur.
Bu da kitabın müxtəlif informasiyaları, biliyi, elmi dünya görüşünü, ictimai-siyasi və tarixi problemləri vəs. özündəehtiva etməsi ilə əlaqədardır. Kitab cəmiyyətin maddi və mənəvi həyatını əks etdirməklə, sosial həqiqətin, obyektiv və subyektiv hadisəsi kimi cəmiyyət elminə, iqtisadiyyata, siyasətə, mədəniyyətə, əxlaqa, tərbiyə və təhsil sisteminə ciddi təsir göstərmiş, bəşər mədəniyyətinin təşəkkül və formalaşmasında yaxından iştirak etmişdir.
 
Kitab və mədəniyyət
Məhz buna görədir ki, böyük filosof F.Bekon “kitabı zamanın dalğaları arasında ucub səyahət edən, öz qiymətli yükünü nəsillərdən nəsillərə çatdıran fikir gəmisi” adlandırmışdır. Filosofun qiymətli yük hesab etdiyi, biliklə yüklənmiş kitablardır.
Bəşər övladı yarandığı gündəm biliyə can atır, bilik insanın yaşamaq, yaratmaq, inkişaf etmək uğrunda apardığı mübarizənin əsas vasitəsidir. Biliksiz insan təbiət və cəmiyyət hadisələrinə mübarizədə gücsüzdür. İnsan yaranır bilmədiyi şeylərdən qorxur, bilik isə hər cür qorxuya qalib gəlməkdə insana kömək edir. Cəmiyyətdə yaşamaq, cəmiyyətin üzvü olmaq, onun inkişafına öz tövhəsini vermək, mənəvi həyatını zənginləşdirmək, tərbiyə və təhsil prosesində yaxından iştirak etmək, elmə yiyələnmək insandan daim yeniləşən, təkmilləşən, daim dinamik inkişafda olan, əsaslı elmi bilik tələb edir. Çünki biliksiz insan təbiət və cəmiyyət qüvvələrinə qarşı mübarizədə olduqca gücsüzdür. Başqa sözlə, biliksiz insanı müharibə meydanındakı silahsız əsgərə bənzətmək olar. Kitab insana bilik verməklə yanaşı onu tarixi keçmişə aparır, bəşəriyyətin tarixi, keçdiyi yol haqqında, əcdadları haqqında, dünyanın görkəmli alimləri, yazıçıları, incəsənət və elm xadimləri haqqında ətraflı məlumat verir. Görmədiyi, eşitmədiyi şəxsiyyətlər, onların fəaliyyəti, əsərləri və tərcümeyi-halları ilə tanış edir Dünyanı təlatümə salan təbiət hadisələri, müharibələr, dövlət başçılar, görkəmli sərkərdələrin fəaliyyətini göz önündə canlandırır. Beləliklə, kitab bəşəriyyətə keçmişi xatırlatmaqla bu günü, müasirliyi öyrənməkdə, gələcəyi proqnozlaşdırmaqda kömək edir. Bir latın məsəlində deyildiyi kimi, kitablarında müqəddaratı vardır. Kitabların müqəddaratı çox zaman insanların müqəddaratından daha heyrətamiz olur. Xalqların və dövlətlərin müqəddaratı kitabların muqəddaratında əks etdiribmişdir. Kitablar nəinki nağıl edib öyrədir, həm də müharibələrdə, inqilablarda, dini və elmi mübahisələrdə, toqquşmalarda, müxtəlif ideya və fikirlərin meydana gəlməsində iştirak etmişlər Kitablar kralları yıxmağa kömək etmiş, həm məzlumların həm də zalımların tərəfində müharibə etmişlər Kitab bütün dini təlimlərin yaranmasında və təbliğində iştirak etmiş, bütün müqəddəs dinlər kitablar şəklində insanlara təqdim edilmişdir Yahudi, xristian, müsəlman dinləridə “Tövrat”, “Bibliya” və “Qurani-Kərim”-də kitablar vasitəsilə insanlara çatdırılmışdır.
Kitab bəşəriyyətin yaratmış olduğu fikir və ideyaların, nəzəriyyələrin, konsepsiyaların və elmi kəşflərin uzun bir müddət üçün insanlara çatdırmağın əsas vasitəsidir Deməli, kitab ancaq coğrafi mənanı yox, həm də zamanı birləşdirir.
Beləliklə, mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və onları toplayıb, qoruyub saxlayan kitabxana olmadan mədəniyyət yaşayıb inkişaf edə bilmədiyi kimi, cəmiyyət də mədəniyyətsiz yaşaya bilməz, dağılmaq təhlükəsi qarşısında qalar. Bütün bunlar cəmiyyət və mədəniyyət, kitab, kitabxana və cəmiyyət problemlərinin müasir dövrün əsas, aktual problemlərindən biri kimi dərindən təhlil edib öyrənməyi ön plana çəkir.

Müəllif: Abuzər Xələfov «Kitabxana və cəmiyyət»
Mənbə: ceylanmumoglu.com
 

0 şərh